Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard kuubmetr və yaxud 4,6 % çox - təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib.

İqtisadiyyat.az Energetika Nazirliyə istinadən xəbər verir ki, bunun 7,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından, 16,5 milyard kubmetri “Şahdəniz” yatağından 0,9 milyard kubmetri "Abşeron" yatağından, 4,4 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % çoxdur. 7 ay ərzində Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2024-cü il tarixinədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.