İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən ilin dekabr ayından indiyə qədər mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 34 minə yaxın şəxsin ərizəsini qəbul edib, bunlardan 25 mindən çoxunun mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb.

İqtisadiyyat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək.

Bu işlər ölkə prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi vətəndaşların əmlak hüquqlarından və xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.

"Pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilə bağlı ümumilikdə müsbət dinamika müşahidə edilsə də, bəzi ərazilərdə bu istiqamətdə aparılan işlər zamanı bir sıra çətinliklərə rast gəlinir. Belə ki, torpaq islahatı zamanı pay torpağı alan vətəndaşların ailə tərkibinin və şəxsi məlumatların düzgün yazılmaması, vətəndaşlardan bəzilərinin uzun illər torpaq payından istifadə etməməsi, verilən torpaqlardan əlavə sahənin qanunsuz istifadəsi mülkiyyət hüquqlarının qeydiyyatını ləngidir. Yuxarıda qeyd olunan məsələlər araşdırılır və qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tədbirlər görülür", - deyə məlumatda qeyd olunub.