İqtisadiyyat.az xəbər verir ki, bu fikirlər elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə rəsmi hesabındakı paylaşımında yer alıb.

"Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir.

Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır", - paylaşımda qeyd olunub.