Bu gün Azərbaycana kütləvi şəkildə idxal edilən Çin avtomobillərinin qiymətində kəskin azalma müşahidə olunmaqdadır. Ötən il Azərbaycana idxal xərci 27 min manata başa gələn avtomobillərin qiyməti bu gün 17-19 min manata düşüb. Qiymətlərin qısa zamanda belə kəskin azalmasının səbəbi maraq doğurur. Ümumiyyətlə kütləvi şəkildə ölkəyə idxal edilən Çin avtomobillərinin sonrakı taleyinin necə olacağı, özünü necə doğruldacağı da sual altındadır.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Çin avtomobillərinin bəzi modellərinin keyfiyyəti göz qabağındadır, neçə ildir ölkəmizdə istifadə olunur və özlərini doğruldub:

“Ancaq elə modellər də var ki, ölkəyə daxil olduqdan sonra 2-3 il ərzində yoxa çıxıb. İndi mövcud olan modellərin də bir neçəsi bir müddət sonra yoxa çıxacaq. Çünki davamiyyət yoxdur, qeyri-rəsmi şəbəkələr vasitəsilə gətirilir, rəsmi dileri yoxdur, zəmanət məsələsi, servis xidməti sual altındadır. İndi bu avtomobillər qiymətinə görə əlçatan olduğu üçün insanlar kütləvi şəkildə alırlar, amma rəsmi diller, zəmanət olmayanda problem yaranır. Bu məsələdə diqqətli olmaq lazımdır. Bu yaxınlarda Çinlə bağlı dələduzluq faktı aşkarlandı. 1,5 milyon pul mənimsənildi. İnsanlar pul verib ki, Çindən maşın gələcək, gəlib çıxmır. Elə adamlara inanmaq olmaz”.

E.Muradov əlavə edib ki, hazırda təriflə alınıb sürülən Çin modellərinın 10-dan 4-ü bir müddət sonra ölkədə mövcud olmayacaq: “Koreyanın, Amerikanın, Yaponiyanın da bir çox modelləri var ki, Azərbaycanda yoxdur, çünki özlərini Azərbaycanda doğrultmayıblar. Zaman keçdikcə də görəcəyik ki, indiki modellərin də bəziləri bizim region üçün əlverişli deyil və yaxud maraq yaranmadı, brend özünü doğrultmadı, müştəri məmnuniyyəti olmadı”.    

Elçin Mehdiyev