Azərbaycan Yaponiya şirkətləri ilə bərpa olunan enerji mənbələri layihələrini və yaşıl hidrogen istehsalını müzakirə edib.

Bu barədə İqtisadiyyat.az-a Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) məlumat verilib.

Bildirilir ki, AERA-nın İdarə Heyətinin sədri Samir Axundov “Caspian Hydrogen Development Group LLC” şirkətinin sədri Teymur Abbasov, Yaponiyanın “Toyota Tsusho Cooperation” şirkətinin Yeni layihələrin inkişafı departamentinin meneceri Fumihiko Sato və “Eurus Energy” şirkətinin menecer müavini Tomataka Vatanabeni qəbul edib.

Məlumata görə, tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verdikdən sonra Azərbaycanda yaşıl hidrogen istehsalı və tətbiqi sahələri və digər mövzular müzakirə olunub.

Tədbirdə həmçinin AERA-nın müvafiq struktur bölmələrinin əməkdaşları da iştirak edib.