Azərbaycan və Xorvatiya enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini müzakirə edib.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir müavini Sahib Məmmədov Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviçlə görüşüb. Azərbaycan rəsmisi Xorvatiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın genişlənməsi üçün məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb, bildirib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

S.Məmmədov iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından güclü potensial olduğunu qeyd edib, xorvat iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

D.Vidoviç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi münasibətlərin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.