Azərbaycan və Macarıstan əlaqələri strateji
tərəfdaşlıq əsasında genişlənir. 

“Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan - Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Bu il Azərbaycan və Macarıstan diplomatik əlaqələrinin 30 ili tamam oldu. Ötən dövrdə iki ölkə arasında imzalanan 50 sənəd, xüsusilə 2014-cü ildə imzalanan Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb. 2022-ci ilin 8 ayında da Azərbaycan və Macarıstanın ticarət dövriyyəsi 9,2 faiz artıb və əsas hədəf əlaqələrin daha da genişlənməsidir”.

Bu fikir əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın tanışlıq görüşündə vurğulanıb.

T.Tormanı yeni təyinatı münasibətilə təbrik edən S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini diqqətə çatdırıb. Ərazilərimizin Ermənistanın işğalından azad edildiyini və təcavüzkar Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə  böyük quruculuq işləri aparıldığını qeyd edib.

Nazir macar şirkətlərinin də bu quruculuq işlərinə qoşulmaq istəyinin məmnunluq doğurğunu deyib. Bunun, habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ının 120 milyon ABŞ dolları kredit xətti, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırmasının dostluq münasibətlərini bir daha ifadə etdiyini bildirib.

Nazir S.Babayev iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini qeyd edib, ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğulayıb. Ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası barədə məlumat verən S.Babayev yerli və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin önəmini diqqətə çatdırıb. Macar biznes dairələrinin də Ələt Azad İqtisadi Zonasında reallaşacaq layihələrdə iştirakda maraqlı ola biləcəyini deyib.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən, bu ilin fevralında keçirilən Komissiyanın 8-ci iclasının yekunlarından bəhs olunub.

T.Torma ölkəsinin Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini, səfir kimi bu sahədə öz  töhfəsini vermək üçün çalışacağını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.