Macarıstanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstan Prezidentinin Ofisinin Baş direktoru Tamaş Şanda və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy ilə görüşüb.

İqtisadiyyat.az bildirir ki, Nazirlikdən verilən xəbərə görə, görüşlərdə Azərbaycan və Macarıstan arasında əlaqələrin dostluq münasibətləri və strateji tərəfdaşlıq əsasında daim inkişaf etdiyi, əməkdaşlığın bütün sahələrdə genişlənməkdə olduğu vurğulanıb.

Azərbaycanla Macarıstan arasında ötən dövrdə 57 əməkdaşlıq sənədi imzalandığı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində artım tempinin davam etdiyi, ötən il də iki ölkənin ticarət dövriyyəsinin 34,8 faiz artdığı qeyd olunub. Əməkdaşlığın yeni istiqamətlər üzrə daha da genişlənməsi üçün böyük potensial olduğu bildirilib.

İşğaldan azad edilmiş ərazilərimizin bərpasında macar şirkətlərinin iştiraka maraq göstərmələrindən, Macarıstanın dövlət maliyyə qurumlarının bu məqsədlə kredit xətti ayırmasından məmnunluq ifadə olunub.

Birgə Hökumətlərarası Komissiyanın iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsinə xidmət edən fəaliyyətindən bəhs olunub, Azərbaycanla Macarıstan arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Bakı və Budapeştdə təşkil olunan biznes forumların, işgüzar görüşlərin əhəmiyyəti diqqətə çatdırılıb. Enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, kənd təsərrüfatı, əmək və məşğulluq, sosial müdafiə, təhsil, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə, ikitərəfli və tranzit yük axınlarının artırılmasına, qarşılıqlı investisiyaların təşviqinə dair müzakirələr aparılıb.