Meyvə, giləmeyvə və fındıq dəyər zəncirlərini təmsil edən Azərbaycan ticarət missiyasının üzvləri İsrail Kənd Təsərrüfatı Nazirliyində olublar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyi məlumat yayımlayıb. 

Məlumata görə nümayəndə heyəti nazirliyin fermer məsləhət xidmətinin müdiri, beynəlxalq əlaqələr şöbəsinin müdiri və nazirlik nəzdində kənd təsərrüfatı məhsullarının ixracı bölməsinin müdiri ilə görüşdü. Nazirliyin əməkdaşları nümayəndə heyətinin üzvlərinə nazirliyin fermerlərə göstərdiyi genişmiqyaslı xidmətlər barədə məlumat verərək qabaqcıl təcrübələrini Azərbaycan aqrobiznesləri ilə bölüşmək üçün israilli mütəxəssisləri göndərməyə hazır olduqlarını bildiriblər.

Qeyd olunub ki, qrup həmçinin İsrailin Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalına dair qayda və prosedurları haqqında ətraflı müzakirələr aparıb. Görüş Azərbaycan istehsalçıları və ixracatçılarının İsrailin sağlamlıq və təhlükəsizlik, standartlar və sertifikatlaşdırma tələbləri ilə bağlı maarifləndirilməsi baxımından çox faydalı olub.