"Azərbaycanda ən böyük problemlərdən biri gənclərdə biznes təfəkkürünü inkişaf etdirməkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu əcnəbilərlə ailə quran azərbaycanlı qızların sayının artmasından danışarkən bildirib. Onun sözlərinə görə, bu şəxslərin halal əmək haqqı ilə biznes qurmalarına kömək edən qurumlar yaradılmalıdır.
"Biz elə etməliyik ki, kəndlərdə insanlar kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi ilə məşğul olsun. Onlara kömək etməli, məhsulunu da qapıda almalıyıq. Bu prosesi görən gənclər təsərrüfat biznesi ilə məşğul olacaqlar. Biz bütün dünyaya Azərbaycanın kənd təsərrüfatı məhsullarını yaymağı bacara bilərik. Bunu hansı məmura desən, üzünə baxır. Əgər bu, baş tutsa, qızların biznes proqramı olacaq, o zaman əcnəbiyə getməyə də ehtiyac qalmayacaq. Hələ siz bilirsinizmi ki, qızlar əcnəbiyə sevinə-sevinə getmir? Onlar hələ də bilmir ki, xarici ölkədə onları nə gözləyir...”
Sosioloq insanların təbii tələbləri olduğunu vurğulayaraq qeyd edib ki, hər bir insanın həyata gəlmişkən özünü reallaşdırmaq təlabatı vardır:
"Azərbaycanda işsizlik arzu olunmayan həddədir. 1994-cü ildən mətbuatda çıxışlarım var. Deyirəm ki, Azərbaycanda işsizliyin miqyasını azaltmaq mümkündür. Mənim layihələrim də var. Hər hansı bir qurum istəsə, həmin layihələri təqdim edə bilərəm. Azərbaycan qızlarının əcnəbiyə ərə getməsi isə ağrılı bir məsələdir. Bu barədə illərlə danışmışam, amma heç kim dinləmək istəmir. Azərbaycanda iqtisadiyyatla bağlı işlər yaxşıdır, amma biz sosial sahəni yaddan çıxartmışıq”.
Əhməd Qəşəmoğlunun fikrincə, sosial sahədə ciddi islahatlara ehtiyac var:
"Biz niyə münbit torpaqlarda kəndli üçün şərait yaratmırıq? İşsizlik səbəbindən onlar kənddən şəhərə axışır. Bakıda işsizlik probleminin həlli üçün imkanlar var. Mən bu məsələləri vaxtı ilə təhlil etmişəm. Qızlarımız xaricilərə kefindən ərə getmir. Ölkədə işgüzar mühit olsa, heç kəs xaricə getməz. Torpaqlar işğaldan azad edilib, imkanlar artıb. Biznes qurmaqla işsizliyi azaltmaq mümkündür. Bu sahəyə məsul məmurlar hər şeyi görməzlikdən gəlirlər. Əgər məmurlar mənim dediklərimə əməl etsələr, ölkədə heç kim işsiz qalmaz və nəticədə Azərbaycan qızı əcnəbiyə ərə getməz”.
Qeyd edək ki, 2019-2023-cü illərdə qeydiyyat orqanlarında 9579 nəfər Azərbaycan vətəndaşının xarici ölkə vətəndaşları ilə nikahı qeydə alınıb. 2024-cü ilin yanvar ayı ərzində isə 184 Azərbaycan vətəndaşı əcnəbi ilə nikaha daxil olub.