Kişi boksçulardan ibarət Azərbaycan millisi Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında iştirak edəcək. Yığma fevralın 2-10-da Mərakeşdə keçiriləcək turnirdə qüvvəsini sınayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 10 boksçu ilə təmsil olunacaq. Çalışdırıcılar Qızıl kəmər seriyasında Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komanda fevralın 12-də Vətənə qayıdacaq.

Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Turnirin püşkü fevralın 1-də atılacaq.