Azərbaycan futbolunun ən yaralı yerlərindən biri də azarkeşlərin fanatlıq etdiyi Premyer Liqa klublarının formalarını əldə edə bilməməsidir. Bəzi klubların forma qiymətlərinin baha olması, bəzilərinin isə forma satışı ilə məşğul olmaması azarkeşlərin narazı olduğu məqamlardandır.

İqtisadiyyat.az klubların forma satışı və qiymətlərini araşdırıb:

 

 

Azərbaycanda ən bahalı forma satışını "Neftçi" klubu edir. Klubun formalarını almaq istəyən azarkeş 90 manatından keçməlidir.

 

 

"Qarabağ" da forma satışı həyata keçirən klublardan biridir. Klubun sadə forması 80 manatdır.

 

 

"Sabah" klubu da formalarını azarkeşlər üçün bazara çıxaran klublardandır. Klub yeni mövsüm formalarını tezliklə satışa çıxaracaq. Ötən mövsüm formalarının qiyməti isə 79 manatdır.

 

 

Qəbələ şəhərində məskunlaşan şəhərin eyni adlı klubu da forma satışı həyata keçirən klublar arasındadır. Klub bu yay yeni formalarını da satışa çıxaracaq. Azarkeşlər ötən mövsümün formalarını isə 25 manata əldə edə bilərlər. Mağaza isə "Qəbələ" şəhərində yerləşir.

 

 

"Zirə" forma satışı həyata keçirmir. Zirəli azarkeşlər forma əldə etmək üçün bir müddət də gözləməli olacaqlar.

 

 

Azərbaycanın ən köklü klublarından biri olan "Kəpəz" klubu azarkeşləri üçün forma satışı həyata keçirir. 1 dəst forma əldə etmək istəyən "Kəpəz" azarkeşi 60 manat xərcləməli olacaq.

 

 

2022/2023 mövsümündən Premyer Liqada çıxış edən "Turan Tovuz " klubu da forma satışı ilə məşğul olmur. Klubdan verilən məlumata görə, gələn mövsümdən azarkeşlər forma əldə edə biləcəklər.

 

 

Sumqayıt şəhərinin yeganə təmsilçisi "Sumqayıt" da forma satışı edən klublardan biridir. Klubun rəsmi fanşopu olmasa da, müqavilə əsasında Sumqayıt şəhərində yerləşən "Kontakt Home" mağazalar şəbəkəsində xüsusi güşə mövcuddur. Orada forma satışı 70 manatdır.

 

 

"Səbail" klubu da azarkeşlərinin gözünü yolda qoyan klublar arasındadır. Klub forma satışı ilə məşğul olmur.

 

 

Premyer Liqada sonuncu yeri tutan "Şamaxı" klubu da azarkeşləri üçün forma satışı həyata keçirməyən klublardandır.

Son olaraq qeyd edək ki, 10 klubdan sadəcə 6 klub azarkeşləri üçün forma satışı həyata keçirir.