Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan rəsmisi bildirib ki, ölkələrimiz arasında münasibətlərin xarakteri qarşılıqlı iqtisadi əməkdaşlığı inkişaf etdirməyə böyük təkan verir. Azərbaycanın Özbəkistanla bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyən nazir müavini əsas hədəflərdən birinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq olduğunu qeyd edib. E.Zeynalov müasir texnologiyaların transferi, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində hər iki ölkənin əməkdaşlıq etməsi üçün böyük potensial olduğunu vurğulayıb.
A.Əliyev isə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hüquqi-normativ bazanın yaradıldığını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük töhfə verdiyini deyib. Özbəkistan nümayəndə heyətinin bu ilin may ayında Bakıda keçirilmiş “Caspian Agro 2024” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakını xatırladan nümayəndə heyətinin rəhbəri bu cür sərgilərin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər və iş adamları arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm platforma rolu oynadığını bildirib.
Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd edib.