İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) Müşahidə Şurası ötən il nəzərdən keçirdiyi 62 yeni investisiya layihəsindən 5-ni təsdiqləyib.

Məlumata görə, daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür.

Təsdiq edilmiş layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ 4,1 milyon manat vəsait ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

Hazırda AİŞ daha bir neçə yeni investisiya layihəsinin təhlilini və qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir.

2021-ci ildə AİŞ-in tərəfdaş təşkilatları ilə əməkdaşlığı da genişlənib. Belə ki, şirkət yerli və xarici sahibkar və şirkətlərlə birbaşa əlaqələr qurub, yerli investisiya fondları, maliyyə təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutları və banklarla daha sıx əməkdaşlıq edib. Bundan əlavə, AİŞ və Türkiyənin ATİB, TÜİB, MÜSİAD, Qətərin “JTA International”, İtaliyanın “Casillo Group”, Çexiyanın “CzechTrade” və s. şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bununla yanaşı, AİŞ xarici ölkələrin ticarət nümayəndəlikləri, eləcə də şirkətləri ilə görüşlər keçiril, əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb.

2021-ci il ərzində AİŞ-in payçı olduğu layihələr üzrə də əhəmiyyətli işlər görülüb. Portfel şirkətlər üzrə 3 illik strateji inkişaf planı hazırlanıb, onların fəaliyyətinə yeni nəzarət mexanizmləri tətbiq edilib, daha səmərəli əməliyyat modelinin qurulması və korporativ idarəetmə standartlarının tədbiq edilməsində sahibkarlara dəstək göstərilib.

AİŞ-in uğurlu fəaliyyəti nəticəsində şirkətin xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlik göstəriciləri artıb.

AİŞ ölkə prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılıb. Şirkətin əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək, qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. AİŞ-in Müşahidə Şurasının sədri iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.