“2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Həmin qələbə, həmçinin sonra həyata keçirilən antiterror tədbirləri nəticəsində torpaqlarmız işğaldan azad edildi və bütün ərazilərimizdə dövlət suverenliyi bərpa edildi. İşğaldan azad edilən torpaqlarımızda quruculuq, abadlıq işləri həyata keçirilməyə başladı”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, ümumiyyətlə, Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib: “İşğaldan azad edilmiş ərazilərdə görülən işlər də bunu bir daha təsdiqləyir. Üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə, 30 minə yaxın insan orada yaşayır və müxtəlif sahələrdə çalışırlar. Təsadüfi deyil ki, 2025-ci ilin dövlət büdcəsində də bu məsələyə xüsusi diqqət ayrılıb. Çünki cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsində bəyan etdiyi kimi Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Dövlət başçısı “Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək” deyib”.
V.İskəndərovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur: “Bu, bir nümunə olacaq. Sonra bu ölkəmizin digər bölgələrinə də tətbiq ediləcək. Beləliklə, qeyd edildiyi kimi bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq”.
Deputat əlavə edib ki, bütün bunlar da Azərbaycan dövlətinin həm Qarabağ və Şərqi Zəngəzurda, həm də ümumiilikdə bütün ölkə ərazisində quruculuq işlərini davam etdirmək əzmindən xəbər verir.