“2025-ci ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər Azərbaycan-Gürcüstan strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olundu”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, əsrlər boyunca birgə dəyərləri bölüşən Azərbaycan və Gürcüstan xalqları bu gün müasir dövrün tələblərinə uyğun şəkildə əməkdaşlıq modelini daha da möhkəmləndirirlər: “Prezident İlham Əliyev çıxışında xalqlarımızın tarixən sülh, mehriban qonşuluq və qarşılıqlı hörmət şəraitində yaşadığını vurğuladı və qeyd etdi ki, bu tarixi münasibətlər bu gün də davam etdirilir və dövlətlərarası əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji təhlükəsizliyi və ticarət əlaqələrində həlledici rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın enerji resurslarını dünya bazarına çıxararaq, Avropanın enerji təhlükəsizliyinə real töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz marşrutu isə Şərqlə Qərb arasında ən qısa və səmərəli ticarət əlaqəsini təmin edir. Bu infrastruktur həm Azərbaycan, həm də Gürcüstan üçün böyük iqtisadi sinergiya yaradır və regionun tranzit potensialını xeyli artırır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu mühüm enerji axınları Gürcüstan ərazisindən keçir. Azərbaycan və Gürcüstan nəinki regionda, həm də qitələrarası enerji və nəqliyyat bağlantılarında əsas rol oynayır”.

Deputat vurğulayıb ki, ikitərəfli münasibətlərin möhkəm siyasi bazası dövlət başçılarının və digər rəsmi nümayəndələrin mütəmadi qarşılıqlı səfərləri ilə daha da gücləndirilir: “Son illər ərzində həm dövlət başçıları, həm baş nazirlər, həm də xarici işlər nazirləri arasında yüksək səviyyəli görüşlər keçirilib və müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycan və Gürcüstan parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Cənubi Qafqazın uzun illər münaqişələr meydanına çevrildiyi bir dövrdə Azərbaycan və Gürcüstan regionda sülh və sabitliyin əsas təminatçıları kimi çıxış edirlər. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi hər iki ölkə gələcəkdə regionun qara səhifələrinin bağlanaraq əməkdaşlıq və inkişaf səhifələrinin açılması üçün əhəmiyyətli addımlar atmağa davam edəcək”.

V.Qafarov xatırladıb ki, Azərbaycanla Gürcüstan arasında indiyədək 119 sənəd imzalanıb. Bu sənədlərlə iki ölkə arasında əlaqələrin hüquqi bazası formalaşdırılıb: “Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya, parlamentlərarası platformalar və müxtəlif səviyyəli forumlar bu əməkdaşlığın institusional əsaslarını təşkil edir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq təşkilatlarda ölkələrimiz  bir-birinin milli maraqlarına hər zaman dəstək göstərir”.

“Azərbaycan-Gürcüstan əlaqələri bu gün regional əməkdaşlıq modelindən çıxaraq, qlobal səviyyədə strateji tərəfdaşlığa çevrilib. İki ölkənin qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təminatçısı rolunu oynayır. Əminliklə demək olar ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı gələcək illərdə daha da möhkəmlənəcək və yeni nəhəng layihələrin reallaşdırılması ilə regionun inkişafına töhfə verməyə davam edəcək”, - Milli Məclisin deputatı əlavə edib.