Bu ilin I rübündə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 126 nəfəri işlə təmin edib.

İqtisadiyyat.az  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində ADY-də elektrik və hərəkət tərkibinin idarəedilməsi sahələri üzrə vakansiyalara daha çox ehtiyac yaranıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində 89 nəfər işsiz vətəndaş ADY-də təşkil edilmiş kurslara cəlb olunub. Onlardan isə 34 nəfəri hazırda səhmdar cəmiyyətinin müxtəlif strukturlarında çalşır.

Bundan başqa, yanvar-mart aylarında təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində 67 ali və 25 peşə təhsilli gənclər ADY-nin işçi heyəti sıralarına qoşulub.

"ADY korporativ sosial məsuliyyət proqramı çərçivəsində müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə xüsusilə həssas yanaşır. Hazırda Cəmiyyətdə 53 şəhid ailəsinin üzvü, I və II Qarabağ müharibələrinin 829 iştirakçısı çalışır", - deyə məlumatda qeyd olunub.