Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “S&P Global Commodity Insights” şirkəti ilə əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında bildirib.

Nazir bildirib ki, “S&P Global Commodity Insights” şirkətinin vitse-prezidenti Carlos Pascual ilə görüşüb. Görüşdə qlobal enerji keçidi, Azərbaycanın yaşıl enerji gündəliyinin icrası və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

“Ölkəmizin milli və regional səviyyələrdə enerji təhlükəsizliyi və dayanıqlı inkişafa töhfə verən “yaşıl enerji zona”ları, “yaşıl enerji dəhliz”lərinin yaradılması, sənaye miqyaslı bərpa olunan enerji güclərinin istifadəyə verilməsi və dekarbonizasiya tədbirləri ilə bağlı fəaliyyətini nəzərdən keçirdik”, - deyə nazir bildirib.