Azərbaycanla Çin arasında əlaqələr möhkəmləndirilir və münasibətlər dərinləşdirilir. Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın belə bir nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Vətən müharibəsində Zəfər əldə etdikdən və regionda yeni reallıq yaratdıqdan sonra ölkəmiz daha geniş coğrafiyada öz xarici əlaqələrini inkişaf etdirir. Müstəqil və balanslı xarici siyasət yürüdən Azərbaycana maraq Şərq ölkələrindən və Qlobal Cənubdan xeyli artıb. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bundan əlavə, Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Çin ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələrini əhatə edir.

Onun sözlərinə görə, iki ölkə arasında həm də dostluq münasibətləri yüksək səviyyədədir və son illərdə daha da dərinləşməkdədir: “3 iyul 2023-cü il tarixində qəbul edilmiş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası bağlılığı daha da möhkəmləndirib”.

Çin və Azərbaycan arasında artan xətlə davam edən tranzit daşımaları

Deputat söyləyib ki, ötən il Çin və Azərbaycan arasında tranzit daşımaların həcmi 378 min ton olub, bu, 85,6% artım deməkdir. Belə ki, avtomobil yolu ilə 52 min ton, dəmiryolu ilə 159 min ton, hava nəqliyyatı ilə 166 min ton yük daşınıb: “Ötən ilin noyabrın 24-də ilk dəfə Bakından Çinə (Sian şəhərinə) ixrac qatarı yola salınıb. “South China Airlines” həftədə 2 dəfə Urumçi–Bakı–Urumçi, AZAL isə həftədə 3 dəfə Bakı–Pekin–Bakı sərnişin reysləri yerinə yetirir. “Silk Way West Airlines” həftədə 10 dəfə Şanxay və Çjenjouya, həftədə 1 dəfə isə Honkonq və Urumçiyə yük reysləri yerinə yetirir”.

İki ölkənin qardaşlaşan şəhərləri

P.Vəliyeva eyni zamanda Çin və Azərbaycan şəhərləri arasında imzalanan sənədlərdən də söz açıb. O bildirib ki, Bakı şəhəri ilə Sıçuan vilayəti, Gəncə şəhəri ilə Tsindao şəhəri, Sumqayıt şəhəri ilə Sian və Mianyan şəhərləri, Çunçin şəhərinin Tsyanşin rayonu, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri, Bakı şəhərinin Xəzər rayonu ilə Quanqjou şəhərinin Nanşa rayonu arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Azərbaycanda nə qədər çinli, Çində nə qədər azərbaycanlı tələbə təhsil alır?

Deputatın sözlərinə görə, 2024/2025-ci tədris ilində Çində 123 Azərbaycan vətəndaşı, Azərbaycanda isə 118 Çin tələbəsi təhsil alır: “Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində Çin dili kursları təşkil olunub. Həmçinin bir sıra təhsil müəssisələrində Konfutsi İnstitutları – Çin mədəniyyəti və təhsili mərkəzləri fəaliyyət göstərir. Xucou Dövlət Universitetində “Azərbaycan dili və mədəniyyəti” mərkəzi, Anhoy Universitetində isə “Azərbaycanşünaslıq” mərkəzi fəaliyyət göstərir. Məşhur Çin heykəltəraşı və rəssamı Yuan Sikun – Pekinin Çao Yang parkında qoyulmuş böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün müəllifi – “Dostluq” ordeni ilə təltif edilib. Bu yüksək mükafatı ona Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Çin arasında mədəni əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə təqdim edib”.

Vizasız gediş-gəlişin üstünlükləri

2023-cü ilin sonunda Azərbaycanın Çin ilə münasibətlərin daha da inkişaf etdirilməsi üzrə Tədbirlər Planını təsdiqlədiyini və müvafiq dövlət qurumlarına nəzərdə tutulan tədbirlərin icrasını həvalə etdiyini xatırladan P.Vəliyeva bildirib ki, hələ ötən ilin iyulun 20-dən etibarən Azərbaycan Çin vətəndaşları üçün bir il müddətinə vizasız rejim tətbiq edib.

Onun sözlərinə görə, bu nəticədə 2024-cü ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93% artaraq 44 798 nəfər olub: “Hesab edirəm ki, vətəndaşlarımızın ölkələrə vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək. Çin turistlərinin sayını artırmaq məqsədilə 2026-cı ilin Çində bir sıra tədbirlərin görülməsi planlaşdırılır”.

Deputat vurğulayıb ki, Çin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüklə bağlı müraciət etməyə dəvət edib və bu prosesdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu ifadə edib. Azərbaycan “Mərkəzi Asiya + Çin” formatında və Pakistanla üçtərəfli əməkdaşlıqda maraqlıdır.

Azərbaycanla Çin arasında artan ticarət əlaqələri

2015-2025-ci illər arasında Azərbaycanla Çin arasında ticarət əlaqələri artan dinamika ilə inkişaf edib. Bu isə son illər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafından xəbər verir.  Məlumata əsasən, bu ilin birinci rübündə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dolları ötüb. Bu göstərici son 10 ilin ən yüksək səviyyəsi hesab olunur. Doğrudur, koronavirus pandemiyasının hökm sürdüyü dönəmdə ticarət əlaqələrimizin səviyyəsi aşağı düşsə də qısa müddət ərzində bərpa olunub. Belə ki, iki ölkə arasında 2015-ci ildə ticarət həcmi 145 milyon dollar təşkil edib.

Beləliklə, Azərbaycanın bu ölkə ilə ticarəti son 10 ildə 7 dəfə artıb. Ümumillikdə 2015-2025-ci illərin birinci rübündə Azərbaycanla Çin arasında ticarət həcmi belə artıb:

İllərin I rübü üzrə

Ticarət dövriyyəsi

2015

145 milyon dollar

2016

122,3 milyon dollar

2017

274,5 milyon dollar

2018

231,9 milyon dollar

2019

544,4 milyon dollar

2020

423,8 milyon dollar

2021

428,2 milyon dollar

2022

481,4 milyon dollar

2023

625 milyon dollar

2024

748,7 milyon dollar

2025

1,028 milyard dollar

 

Ötən ilin bütün rübləri üzrə ticarət əlaqələri

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Onun sözlərinə görə, digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır: “İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşüb. Vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb”.

Deputat vurğulayıb ki, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi bağlı işlər sürətlənib: “Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geo-siyası və geo-iqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir. Bu isə Azərbaycanın qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilməsi deməkdir”.

Vizasız rejimin ölkələrin strateji və iqtisadi əlaqələrinin təsirləri

V.Bayramov həmçinin söyləyib ki, Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək: “2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45.0 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib. 2024-cü ildə Çinə səfər edən turistlərin sayı 61.0 faiz artaraq 132 milyon nəfərə çatıb. Bu isə Çin üçün 6.4 trilyon yuan gəlir deməkdir. Yeni anlaşma Azərbaycandan Çinə gedənlərin sayına təsir edəcək. Bir tərəfdən, Azərbaycan Hava Yollarının Bakı ilə Pekin arasında birbaşa uçuşlar həyata keçirməsi, digər tərəfdən vizasız rejim hər iki ölkə vətəndaşları üçün yeni imkanlar yaradacaq. Bu baxımdan, viza anlaşması yalnız turizm sahəsində deyil, bütövlükdə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq üçün yeni imkanlar deməkdir”.

Gözəl Azadəliyeva

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.