Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Özbəkistanın kibertəhlükəsizlik sahəsində aidiyyəti dövlət qurumu arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, sənədin məqsədi kibertəhlükəsizlik sahəsində ciddi insidentlər zamanı cavab tədbirləri hazırlamaq üçün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, texniki, maliyyə və insan resurslarından səmərəli istifadə edilməsidir.

Əməkdaşlığın əhatə dairəsi kibertəhlükəsizlik təhdidləri, zərərli proqram təminatı və kibertəhlükəsizlik təhdidlərinin indikatorları haqqında məlumat mübadiləsinin aparılması, Kompüter İnsidentlərinə qarşı Mübarizə xidmətlərinin işində birgə tədbirlərin təşkili, fikir, məlumat və təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlər və digər tədbirlərin keçirilməsindən ibarətdir.