İqtisadiyyat.az xəbər verir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda məlumat verilir.
Məlumata görə, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
Hesabata əsasən, CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
"Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub", - hesabatda deyilir.
Qeyd edilib ki, hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.
***20:18
Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsinin gövdəsindən çıxarılan yad cisimlərin fotolarını yayıb.
İqtisadiyyat.az Tengrinews.kz-a istinadən xəbər verir ki, təyyarə 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayıb.
Açıqlanan ilkin hesabatda bildirilir ki, Bakı - Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar zamanı Braziliya Federativ Respublikası, Azərbaycan Respublikası və Qazaxıstan hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə təyyarədən yad cisimlər çıxarılıb.
Məlumatda qeyd olunur ki, bu obyektlər təyyarənin müəyyən struktur hissələrində qalmış ola bilər. Onlar əlavə məhkəmə ekspertizasına göndərilib.
Qeyd edək ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin araşdırma hesabatını yayıb.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.