Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.

"Azərbaycan Hava Yolları" QSC-dən İqtisadiyyat.az-a verilən məlumata görə, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az.

"Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - məlumatda qeyd olunur.

***

10.02

Wizz Air və British Airways aviasiya kompaniyaları Təl-Əvivin Ben-Qurion Beynəlxalq Hava Limanına uçuşları qeyri-müəyyən müddətədək dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, aviaşirkətlər sentyabrın 24-nə planlaşdırılan reysləri İsraillə Livanın Hizbullah hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edib. Uçuşların nə vaxt bərpa olunacağı açıqlanmayıb.

Qeyd edək ki, Təl-Əvivə reysləri ləğv edən aviaşirkətlər arasında Azərbaycan Hava Yolları da var.

Sentyabrın 23-də İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna çoxsaylı hava zərbələri endirib. İsrail tərəfinin açıqlamalarına görə, hücumun hədəfləri “Hizbullah” təşkilatının hərbi obyektləri olub. Zərbələr “Hizbullah” döyüşçülərinin yəhudi dövlətinin şimal rayonlarını aylardır atəşə tutmasına cavab olaraq endirilib.