Hazırda işğaldan azad olunmuş ərazilərdə - Şərqi Zəngəzurda və Qarabağda bərpa, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Görülən genişmiqyaslı işlər nəticəsində yaşayış məntəqələri bərpa edilir. Quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərimiz də öz dədə-baba yurdlarna qayıdırlar. Bu proses hazırda sürətlə davam etməkdədir. Artıq bir zamanlar şəkillərdə və ekranlarda həsrətlə baxdığımız torpaqlara həyat qayıdıb. İndi isə bu ərazilər çiçəklənməkdədir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən İqtisadiyyat.az-ın sorğusuna cavabda Qarabağa və Şərqi Zəngəzura köçürülənlərin sayı barədə məlumat verilib.
Bildirilib ki, bu günədək işğaldan azad edilmiş ərazilərdə 3464 ailə, 13745 nəfər keçmiş məcburi köçkünün daimi məskunlaşması həyata keçirilib.
Qeyd olunub ki, hazırda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Milli Məclisin deputatı Sevinc Hüseynova İqtisadiyyat.az-a açıqlamasında deyib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizə “Böyük Qayıdış”ın ən yüksək səviyyədə təmin edilməsi üçün bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırılır.
Deputat xatırladıb ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın uzun illər işğal altında qalmış torpaqları azad edildi və ərazi bütövlüyü bərpa olundu: “Bu tarixi qələbədən sonra dövlətin qarşısında duran əsas prioritetlərdən biri azad edilmiş ərazilərin bərpası, infrastrukturların yenidən qurulması və əhalinin həmin torpaqlara təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi oldu. Bu məqsədlə həyata keçirilən “Böyük Qayıdış” proqramı, genişmiqyaslı və çoxşaxəli fəaliyyət planı olaraq, ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir”.
S.Hüseynova qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərimizi dünyada minalarla ən çox çirkəndirilmiş ərazilərdən birinə çevirib. Minalar və partlamamış hərbi sursatlar azad edilmiş ərazilərin bərpasında böyük maneə törədir. Onun sözlərinə görə, bu baxımdan işğaldan azad edilmiş ərazilərdə ilk mərhələdə həyata keçirilən əsas fəaliyyətlər minalardan təmizləmə və infrastrukturun ilkin bərpası olub:
“Minatəmizləmə Agentliyi və digər müvafiq qurumlar tərəfindən həyata keçirilən genişmiqyaslı mina təmizləmə işləri bu ərazilərin təhlükəsizliyinin təmin olunması üçün mühüm rol oynayır. Bu gün həmin ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir və keçmiş məcburi köçkün soydaşlarımız layiqli şəkildə öz doğma yurdlarına qayıdırlar. “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışı planlaşdırılır. Bu proqramın məqsədi yalnız insanların fiziki olaraq torpaqlarına köçürülməsi deyil, eyni zamanda onların orada sosial rifahını, təhlükəsizliyini və iqtisadi fəaliyyət imkanlarını təmin etməkdir. Bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir. Görülən bu işlər həmin ərazilərin tezliklə yeni görkəm alacağından, dünyanın ən abad və gözəl məkanlarından biri olacağından xəbər verir”.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, tarixi zəfərdən dərhal sonra azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinə başlanması, qısa müddət ərzində genişmiqyaslı işlərin həyata keçirilməsi dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir:
“Dövlət başçısı İlham Əliyev 2024-cü il 7 fevral tarixində keçirilən Prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir” söyləyərək onu da əlavə etdi ki, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir”.
V.Rəhimzadə vurğulayıb ki, ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri həyata keçirilib: “Onlarla yaşayış məntəqəsinin təməli qoyulub. Hazırda da işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi “Böyük Qayıdış” Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışına nail olmaqdır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bütün sosial infrastruktur layihələri icra edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, obyektlər, yollar, 130-dan çox tunel və körpü inşa edilir. Bu, sadəcə olaraq işin miqyasını göstərir. Bütün elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanının açılışı olub, üçüncüsü Laçında istifadəyə veriləcək. Keçmiş köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulur”.
Deputat həmçinin əlavə edib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi, keçmiş məcburi köçkünlərin mərhələ-mərhələ doğma yurdlarına qayıdışı Azərbaycan dövləti üçün prioritetdir: “Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz bu ərazilərimizə olur. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri plan üzrə gedir. Görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba yurdumuza əbədi qayıtmışıq”.
Milli Məclisin deputatı Vasif Qafarov isə İqtisadiyyat.az-a söyləyib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı ilə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub:
“Vətən müharibəsinin başa çatmasından dərhal sonra Azərbaycan işğaldan azad edilən torpaqlarımızda geniş bərpa-quruculuq işlərinə başlayıb və bu proses çox böyük sürətlə həyata keçirilir. Keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə geri qayıdışını təmin etmək məqsədilə irimiqyaslı infrastruktur layihələri icra olunur, yeni yaşayış məntəqələri salınır. Ölkə ərazisinin tamamilə məhv edilmiş və səhralığa çevrilmiş 20 faizinin bərpasını və bir milyona yaxın məcburi köçkünün öz ata-baba torpağına qayıdışını ehtiva edən “Böyük Qayıdış” proqramı çox böyük miqyaslı bir proqramdır. Söhbət Livan və Monteneqro kimi dövlətlərin ərazisindən böyük olan bir ərazinin bərpasından gedir”.
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub: “İndiyədək Azərbaycan tarixində “Böyük Qayıdış” proqramı miqyasında bir layihə olmayıb. Heç bir dövlətdən və beynəlxalq təşkilatdan yardım almadan yalnız Azərbaycanın özünün imkanları hesabına bu proqram icra olunur. Bu da Azərbaycan dövlətinin gücünü, qüdrətini və iradəsini göstərir. Əminəm ki, Azərbaycan dövləti yalnız öz gücü, öz imkanları hesabına həyata keçirməkdə olan bu böyük layihəni uğurla başa çatdıracaq”.
İsmayıl Bakuvi
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.