İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərinə təsir edən amillərdən biri olan “mina xəritələri”ndən danışılır. Bu, “humanitar minatəmizləmə” konsepsiyasına təsir edən, hətta minatəmizləmə prosesini mürəkkəbləşdirilməsinə səbəb olan amillərdəndir. 

Bu barədə açıqlamasında ANAMA-nın Təlim və Keyfiyyətə təminat şöbəsinin müdiri Pərviz Gidayev məlumat verib. 

O bildirib ki, əslində onlar “mina xəritəsi” dediyimiz məlumatlar mina sahələrinin formulyarları gedir:

“Yəni, məsələ minaların harada basdırılmasından əlavə, necə basdırıldığından gedir. Mina sahələrinin formulyarlarında ərazinin koordinatları, basdırılmış minaların növləri və sayları, ara məsafələri və ümumiyyətlə buna bənzər xeyli məlumatlar qeyd olunur. Bundan başqa minalanmış ərazilərin qeyd olunduğu topoqrafik xəritələr olur ki, biz ictimaiyyət daha aydın başa düşsün deyə mina xəritələri kimi ifadə etmişik. Təbii ki, düşmən işğal altında olan ərazilərimizə minalar yerləşdirib və onların işarələrini, yerlərinə dair qeydlərin olduğu sənədləri və xəritələri bizə təqdim etməyib. Bu da işimizə daha ehtiyatla yanaşmağa vadar edir. 

Çünki 1 kvadratmetrlik ərazidə çoxsaylı minalar basdırıla bilər. Ola bilir ki, minanın üzərini su yuyur,  üst hissəsi görünür. Lakin biz bilə bilmərik ki, onun ətrafında daha dərinlikdə basdırılan nə qədər mina var. Belə çətinliklər isə düşmən tərəfinin bizə minalanmış ərazilərə dair məlumatları və xəritələrini təqdim etməməsi səbəbindən yaranır”.

Pərviz Gidayev onu da əlavə edib ki, yaz mövsümünün gəlməsi ilə əlaqədar ərazilərdə ot örtüyünün nisbətən qalxması da minatəmizləmə əməliyyatlarını bir qədər də çətinləşdirir:

“Bu təbii olaraq görüş məhdudiyyəti yaradır və ümumiyyətlə ciddi təhlükə yaradır. Minaaxtaran dedektorun alt hissəsi torpaqla yaxın təmas etməlidir ki, metalxassəli siqnalları müəyyən edə bilsin. Agentliyimiz milli və beynəlxalq humanitar minatəmizləmə standartlarına əsasən “Humanitar minatəmizləmə” əməliyyatını həyata keçirir. Ərazidə minaaxtaran tərəfindən dedektorun aşkar etdiyi bütün metal siqnallar təhlil olunmalıdır. 1 kvadrat metrlik sahədə 5 metal siqnalı varsa, onların hər biri ayrı-ayrılıqda təhlil edilməlidir.

Amma bir də görürsüz ki, heç onlar mina çıxmır, lakin siz bunu təhlil etməyə məcbursunuz. Təhlükəni aradan qaldırmaq üçün hər kiçik detal incələnir. Bu özü də kifayət qədər peşəkarlıq tələb edən və zaman alan fəaliyyətdir. Digər problem isə həmin ərazilərdə plasmas gövdəli tank əleyhinə minaların basdırılmasıdır. Plasmas gövdəli həmin minaların ümumi çəkisi 9-11 kq aralığındadır, onun tərkibində 7-8 kq partlayıcı var. Diametri 34 sm, hündürlüyü isə 10 sm olan minanın tərkibində sadəcə 3-4 qram metal var, dedektorlar vasitəsilə onları aşkar etmək xeyli diqqət və peşəkarlıq tələb edir. Nəzərə almalıyıq ki, dövr dəyişdikcə minaların modifikasiyaları və hazırlanma texnologiyaları da dəyişməkdədir. Ərazilərin metalla çirklənməsi siqnal çoxluğuna səbəb olur”. 

“Məqsədimiz qısa zamanda ərazini tam şəkildə təmizləməkdən ibarətdir. Zamanla bərabər, keyfiyyət də önəmlidir. Biz istəmirik ki, əməliyyat icra etdiyimiz ərazilərdə kiçik də olsa, təhlükə qalsın. Burada Agentliyimizin məqsədlərindən biri işğaldan azad olunan əraziləri mina və partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğular, eləcə də müharibənin partlayıcı qalıqlarından təmizlənməsi ilə ora qayıdacaq insanların partlayıcı təhlükəsindən azad etməkdir. Bu təhlükəsiz mühit yaradılmadan insanların işğaldan azad edilmiş ərazilərə getməsini tövsiyə etmirik.

Agentliyimiz tərəfindən keçmiş təmas xəttinə yaxın olan ərazilərdə yaşayan əhali ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Vətəndaşlarımızdan tələb olunan qaydalara, qoyulan şərtlərə riayət etmələri xahiş olunur. Bu onların həyatı üçün önəmlidir. Məsuliyyətli olmalıyıq. Çünki düşmən bu əraziləri xaotik şəkildə, necə gəldi minalayıb. Heç kim deyə bilməz ki, “minaların üstünü su yuyub, görürük, heç nə olmaz, gedib ziyarət edib qayıdacağıq”. Bu fikirdən uzaqlaşmaq lazımdır. Bu məqama qarşı səhlənkar, məsuliyyətsiz yanaşma bədbəxt hadisələrlə nəticələnə bilər”, - deyə P.Gidayev qeyd edib.