"Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsində (Dağlıq Qarabağ kimi heç bir rayon və ya qurum yoxdur) davam etdirdiyi separatçı rejimin qanunsuz hərbi mövcudluğuna son qoyub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Almaniya XİN-nin bəyanatına cavab olaraq bildirib.

XİN sözcüsü qeyd edib ki, münaqişə 30 il əvvəl Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində başlayıb:

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb".

Ayxan Hacızadə həmçinin bildirib ki, Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub:

"Azərbaycan Qarabağ ermənilərini öz yaşayış yerlərini tərk etməməyə və Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırıb. İndi sülh zamanıdır və ümid edirik ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazilərinə qarşı iddiaları təkcə sözlə deyil, həm də əməllə pisləyəcək".