"COP konfransları son dövrlərdə çox böyük nüfuza malik olan beynəlxalq tədbir hesab edilir. 1995-ci ildən başlayan bu tədbir indiyə kimi onlarla ölkədə keçirilib. Bu tədbir təkcə Almaniyada beş dəfə təşkil olunub. Dünyanın böyük ölkə liderlərinin qatıldığı, bütün ölkə nümayəndələrinin iştirak etdiyi COP konfranslarında iqlim dəyişikliklərinə aid olan bütün məsələlər ciddi şəkildə müzakirə edilir. Bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük siyasi və nüfuz məsələsidir".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, COP konfransı keçmiş Sovet respublikaları arasında məhz ilk dəfə Azərbaycanda keçirilir: "Keçmiş sosialist düşərgəsindən isə Polşadan sonra ölkəmiz ikinci dövlətdir ki, belə bir beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycanın bu tədbirdə təşkilatçılığı iştirakçılar tərəfindən yüksək səviyyədə qiymətləndirilir. Bununla belə konfrans ərəfəsində tədbiri gözdən salmağa, Azərbaycanın bu işin guya öhdəsindən gələ bilməyəcəyi təəssüratları yaratmağa çalışırdılar".
A.Mirzəzadə söyləyib ki, burada məqsəd Azərbaycanın beynəlxalq birlikdə artan nüfuzuna kölgə salmaq, eləcə də öz təbii sərvətlərinə sahib çıxa bilən və beynəlxalq aləmdə müstəqil siyasət yeridən Azərbaycanı siyasi cəhətdən cəzalandırmaq istəyi idi: "Ancaq onların qara niyətləri baş tutmadı. Konfransda 196 ölkədən 76 minə qədər iştirakçı gəldi, 80 ölkənin birinci və ikinci şəxsləri iştirak etdi. Avropadan Böyük Britaniya, Belçika, İspaniya, İtaliyanın birinci, digər Avropa dövlətlərinin isə hökumət nümayəndələrinin iştirakı Azərbaycanda keçirilən tədbirə olan böyük marağı göstərir. Anti-azərbaycan mərkəzlərin ölkəmizlə bağlı qurduqları çirkin planlar iflasa uğradı. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyi etmək, beynəlxalq birliyin gündəliyində olan məsələlərə öz konstruktiv mövqeyini ortaya qoymaq bacarığını bir daha nümayiş etdirdi".
İsmayıl Bakuvi