Soyuq hava şəraiti avtomobillər üçün riskləri artırır. Buzlu yollar, dumanlı, sisli hava şəraiti sürücüləri daha diqqətli olmağa məcbur edir. Lakin risk hər zaman var. İstənilən qəza şəraitində avtomobillərin siğortası sürücülərin imdadına çatır. Mövzu ilə bağlı İqtisadiyyat.az-a  danışan ekspert İlkin İbrahimov deyir ki, avtomobillərin sığortalanması məsələsində kifayət qədər yeniliklər oldu. Bu yeniliklər də sürücülərin işini bir az daha yüngülləşdirdi:

“Məsələn, əvvəllər siğortası olan avtomobilə dəymiş ziyanı qarşı tərəfin sığorta şirkəti ödəyirdi. Dəyişiklikdən sonra isə zərərçəkən öz sığortasına müraciət edərək, avtomobilini təmir etdirir. Həmin siğorta şirkəti zərərvuran sürücünün siğorta şirkətindən həmin kompensasiyanı alır.”

İlkin İbrahimovun sözlərinə görə, avtomobillərin icbari sığortası ilə bağlı dövlət yeni qanun layihəsi üzərində işləyir:

“Mexaniki nəqliyyat vasitələrinin yaşı 10 ildən artıq olan avtomobillərin utilizasiyası keçiriləcək. Yəni yaşı 10-dan çox olan nəqliyyat vasitələrinin xarab olma riski, qarşı tərəfə zərər vermə riski daha çoxdur. Bunlar nəzərə alınaraq, yaşı daha çox olan avtomobillərin siğorta haqları artmış hesab olunur.”

Onu da qeyd edək ki, əvəllər icbari siğorta üzrə regionlarla paytaxt arasında fərqlər yox idi. Hal-hazırda “bonus-malus” sistemi tətbiq edildiyindən sığortanın qiymətlərində fərqlər var.