Günümüzdə avtomobillərdən istifadə əksər insanların həyatının ayrılmaz hissəsinə çevrildiyinə görə, hər il avtomobil bazarında baş verən proseslər geniş əhali kütləsinin diqqət mərkəzində olur. Avtomobil bazarı deyərkən paytaxtda yerləşən ikinci əl avtomobil bazarlarını, müxtəlif avtomobil salonlarında yeni avtomobillərin alqı-satqısını, onlayn avtomobil satışı platformalarını, fərdi şəkildə daxili bazarda olan avtomobil alqı-satqısı əməliyyatlarını və xaricdən sifarişlə avtomobil gətirib satan şirkət və ya fərdi şəxslərin fəaliyyətlərini əhatə edən bir seqment nəzərdə tuturuq. Ötən il pandemiyanın yayılması və sərt karantin rejiminin tətbiqi bu seqmentdəki iqtisadi hərəkətliliyə ciddi zərbə vurmuşdu. Bu il sərt karantin məhdudiyyətlərinin tətbiq olunmaması bazarda müsbət dəyişikliklərin ola biləcəyi barədə gözləntilər yaratdı. Lakin yanvar-fevral aylarında bu istiqamətdə kəskin dəyişiklik müşahidə olunmadı.

“Report” mart ayında paytaxtın avtomobil bazarında hansı tendensiyaların müşahidə olunduğu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Avtomobil bazarı üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında hazırda avtomobil bazarında irəliləyiş yaşandığını bildirib:

“Avtomobil bazarı yavaş-yavaş dirçəlir. Bazarda bir qədər irəliləyiş var. Xüsusən xaricdən gətirilən avtomobillərin sayında kifayət qədər artım müşahidə edirik. Qiymətlər sərt karantin dövrlərində xeyli ucuzlaşmışdı. Bazar öz fəaliyyətini əsasən onlayn platformalarda davam etdirirdi. İndi isə qiymətlərdə təqribən 10-15 % artım var. Bu gün faktiki avtomobil bazarlarında da alqı-satqı gedir. Bazarlara giriş-çıxış sərbəstdir. Belə olan halda avtomobillərə tələbat da artır. Hətta vaxtilə özlərinin belə avtomobili olmayan şəxslər indi avtomobil alveri ilə məşğul olur, xaricdən avtomobil gətirib burda satırlar. Yaxşı hal odur ki, Avropadan, Asiyadan, Amerikadan birbaşa maşınlar gətirən şəxslərin sayı çoxalır. Vaxtilə Gürcüstana meyllənirdiksə və orda texniki cəhətdən çox da yaxşı olmayan maşınları alırdıqsa, bu gün artıq avtomobil alqı-satqısı ilə məşğul olan vətəndaşlarımız dünya bazarına çıxış edə bilirlər. Amma, təəssüf ki, bəzən onlar ABŞ-da, Yaponiyada, Almaniyada ili təzə, amma qəzalı vəziyyətdə olan maşınları gətirib burda kosmetik dəyişikliklər edərək satırlar. Bu da gömrük rüsumlarının yüksək olmasından irəli gəlir. Vətəndaş düşünür ki, bu yolla ucuz maşın alıb Azərbaycanda təmir edərək bir qədər baha satsın və pul qazansın. Düşünürəm ki, gələcəkdə bu tendensiya aradan qalxmalıdır və ölkəmizə normal, keyfiyyətli, təhlükəsizlik elementləri aktiv olan avtomobillər gətirilməlidir”.

Ekspert xaricdən avtomobil gətirənlərə güzəştlərin edilməli olduğunu qeyd edib:

“Hibrid avtomobillərin bazarda payı artmaqdadır. Digər tərəfdən, artıq insanlar yeni avtomobillər axtarışındadır. Düzdür, sıfır kilometrajlı avtomobillər bu gün çox bahadır. Məsələn, 2014-2015-ci illərdə 25-30 min manata aldığımız “Toyota” markasının krossoverlərini bu gün 80-100 min manata güclə almaq olur. Ona görə də gələcəkdə xaricdən yeni avtomobil gətirənlərə güzəştlər olmalıdır. Bu maşınları almaq üçün verilən kredit şərtləri sadələşdirilməli, hibrid avtomobillərə daha çox güzəşt olmalıdır. Bunlar hamısı gələcəkdə avtomobil bazarına müsbət təsir göstərəcək. Eyni zamanda avtomobil parkımız yeni avtomobillərlə təmin olunacaq. Bu isə o deməkdir ki, qəzalar və qəzalarda ölüm hallarının sayı azalacaq, ətraf mühitin qorunması daha yaxşı təmin ediləcək. Avtomobil istismarı ətraf mühitə birbaşa təsir edən amillərdəndir. Odur ki, düşünürəm ki, bütün güzəştlər dövlət qurumlarının qarşılıqlı və birgə fəaliyyəti nəticəsində edilməlidir”.

Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov da insanların qənaətcil və ekoloji təmiz avtomobillərə üstünlük verdiyini deyib:

“Bu gün vətəndaşlarımız daha çox mühərrik həcmi 1 500 kubsantimetrdən 3 000 santimetrə qədər olan avtomobillərə üstünlük verirlər. Bunlar heçbək, sedan və krossoverlər kimi müxtəlif seqmentlərə aid avtomobillərdir. Amma ən çox qənaətcil avtomobillərə üstünlük verilir. Ekoloji təmiz avtomobillər artıq Azərbaycanda bir trend olub. İnsanlar avtomobil alarkən ilk növbədə ekoloji təmiz avtomobillərlə maraqlanırlar".

Ekspertə görə aprel ayında bazarda hərəkətlilik müşahidə olunacaq:

“Qiymətlər mövsümi xarakter daşıyır və yanvar-fevral-mart aylarından fərqli olaraq aprel ayında ikinci əl avtomobil bazarında qiymətlərin təqribən 5-10 % arası yüksəlməsi gözlənilir. Aprel ayında biz ikinci əl avtomobil bazarında hərəkətlilik müşahidə edəcəyik. Birinci əl avtomobil bazarında qiymətlərin kəskin azalması və ya yüksəlməsi nəzərə çarpmır. Lakin logistika xidmətlərinin qiymətinin yüksəlməsi yeni avtomobillərin qiymətinə təsir edir. Odur ki, biz yeni avtomobillərin qiymətlərinin 2-5 % arasında yüksəlməsini müşahidə edirik”.