“Hadisələrin İdarəedilməsi Sistemi” çərçivəsində Azərbaycanda risk xəritəsi hazırlanacaq. Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov mediaya açıqlamasında bildirib. Risk xəritəsində ən çox qəza baş verən yollar müəyyən ediləcək. Əldə olunan məlumatlar aidiyyatı orqanlara yönəldiləcək və lazımi tədbir görüləcək. Layihənin əsas məqsədi sığorta ödənişlərində şəffaflığın qorunması, tələb olunan sənədlər üçün vaxt itkisinin qarşısının alınmasıdır. Bundan əlavə “Forma-4”-ün artıq polisdən alınmasının da tarixə qovuşacağı deyilir. Bununla da hadisə baş verdikdən sonra üçün olan proseslərin bir neçəsi öz həllini tapmış olacaq. Bəs bundan sonra hansı problem qaldı? Bütün bu yeniliklər sığorta sahəsinin inkişafı üçün uğurlu addımdırmı?

Sığorta eksperti Hikmət Allahverdi yeniliklər barədə İqtisadiyyat.Az-a açıqlama verərkən, yeni sistemin şikayətlərin anında araşdırılmasına töhfə verəcəyini bildirib:

“Əslində sığorta tələblərinin vahid mərkəzdə qeydiyyatı, nəzarətedici quruma hadisənin tənzimlənməsi ilə bağlı nəzarət etməsi üçün əlverişli olacaq. Hansı ki, bəzi hallarda sığorta şirkətləri qanunvericiliyin tələblərinə riayət etməyərək qiymətləndirmə və ödəniş prossesini uzadırlar ki, bu sistemin olması nəzarətedici orqanın işini asanlaşdıracaq. Bu da özlüyündə şikayətin anında araşdırılmasına şərait yaradacaq. Amma "icbari sığorta"məsələsində ən ciddi maneə DYP-dən hadisənin təsdiqi ilə bağlı verilməli olan “Forma-4” məsələsidir ki, bunun online rejimdə həll edilməsi "icbari sığorta" məsələsində prosesləri dəfələrlə yaxşılaşdırar.

Bu sistem şikayətlərin anında araşdırılmasına müsbət töhfələr verəcək. Mənim və demək olar ki, bütün sığortaçıların istədikləri məsələ- hadisələrin qeydiyyatı, “Forma-4”-ün online rejimdə verilməsi halı isə ümumiyyətlə bu şikayətlər məsələsini xeyli azalda bilər. Məsələ həllini tapsa, sadəcə zərərlərin qiymətləndirilməsi problemi qalacaq”.

İllər öncə dövlət başçısının qiymətləndirmə problemini həll etmək üçün qərar verdiyini, lakin icra edilmədiyini deyən ekspert, sistemin işlək olacağı təqdirdə avto sığorta məsələsində problemlərin həll olunacağını vurğulayıb: “Əslində bunun da həlli üçün audatex sisteminin işlək olması yardımçı olardı ki, illərdir dünyanın xeyli ölkəsində işlək olan bu sistem, bizdə işlək olmadı. Qiymətləndirmə bu işdə ən ağrılı yerdir. Fikrimcə, bu məsələni əsaslı həll edə biləcək qərar illər öncə prezident tərəfindən verilib, ancaq icra olunmadı. Orada nəzərdə tutulurdu ki, hadisə baş verdikdə, zərəri zərərçəkənin sığorta şirkəti ödəyib, sonra zərərvuranın sigorta şirkətindən tələb etməli idi.

Bu qərar tətbiq edilsə idi, bazar özlüyündə tənzimlənəcəkdi, yaxşı xidmət göstərən şirkətlər önə çıxacaqdı. Beləliklə yüksək komissiya haqqı, qanunsuz endirimlər də ortadan qalxacaqdı. Deyilən sistem işlək olacaqsa, icbari avto sığorta məsələsində problemlərin ciddi şəkildə həlli olacaq”.

 

Mehman Nəbiyev