Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı fərdi sanksiyaların müddətini 2024-cü il martın 15-dək uzadıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ Şurasından bildirilib.

"Bu gün Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2024-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib", - bəyanatda qeyd edilir.

Şura qeyd edib ki, qara siyahıda təxminən 1800 fiziki və hüquqi şəxs var: "Mövcud məhdudlaşdırıcı tədbirlərə fiziki şəxslərin səyahət məhdudiyyətləri, aktivlərin dondurulması və müəyyən edilmiş fiziki və hüquqi şəxslərə vəsait və ya digər iqtisadi resursların verilməsinə qadağalar daxildir. Sanksiyalar 1800-ə yaxın fiziki və hüquqi şəxsə şamil olunmağa davam edəcək. Onların çoxu sanksiyalara məruz qalıb. Qərar Rusiyanın Ukraynaya qarşı davam edən əsassız hərbi təcavüzünə cavabdır".

Qeyd edək ki, Avropa İttifaqı Krımın işğalından sonra Rusiya vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan sonra qara siyahı genişlənməyə başlayıb.