Əksər iqtisadiyyatlarda olduğu kimi, Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən bizneslərin böyük hissəsini təşkil edir. 

Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihələrinin tamamlanmasına həsr olunan tədbirdə deyib. 

O vurğulayıb ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır: 

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi özünün hədəf seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində müxtəlif vasitələrlə onlara dəstək göstərməklə, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamaqdadır. KOBİA strateji fəaliyyət gündəliyini sahibkarlıq ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edib. Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur və sahəvi görüşlər təşkil olunur. 

Qeyd olunanlar nəzərə alaraq, əlverişli biznes mühitinin inkişaf etdirilməsi, KOB subyektlərinin maliyyə resurslarına, bazarlara, bilik və innovasiyalara çıxışının yaxşılaşdırılması, eləcə də dövlət və özəl sektorun xidmətlərinə çıxış imkanlarının artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib KOBİA ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra dəstək mexanizmləri yaratmış və istifadəyə verməkdir. Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi və digərlərini qeyd etmək olar”. 

Orxan Məmmədov bildirib ki, ölkənin 2 fərqli regionunda fəaliyyət göstərən KOB Evləri “one-stop shop” formatında G2B və B2B xidmətlər göstərməkdədir və rəqəmsal E-KOB evi platforması istismara verildikdən sonra bu xidmətlərin “non-stop-shop” rejimində onlayn formada göstərilməsi də təmin olunacaq:

“Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda 21 KOB İnkişaf Mərkəzi istifadəyə verilib. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir. Əlverişli KOB mühitinin təmin edilməsi məqsədilə Agentliyimiz tərəfindən verilən startap sertifikatları vasitəsilə sahibkarlar vergi güzəştlərini əldə etmiş olurlar. Əlbəttə ki, sadaladıqlarım KOBİA tərəfindən təmin dəstək və xidmətlərinin bir hissəsini təşkil edir. Əsas məqsədimiz KOB-ların iqtisadiyyatda rolunun artırılması, onların əlavə dəyərin yaradılması, məşğulluqda və ixracda payının daha da yüksəlib.

Qarşıya qoyulan hədəflərin nail olunmasında mütərəqqi beynəlxalq təcrübələrə və mövcud çağırışlara uyğun olaraq daim təkmilləşmə və zamanın tələblərindən irəli gələn yeni fəaliyyət mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Qeyd olunanlar nəzərə alınmaqla, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilmiş “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihələrinin əhəmiyyətini vurğulamaq istərdim. Sözügedən layihələr Hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə hədəflənib.

Layihənin icrasının əksər mərhələsi pandemiya dövrünə təsadüf etsə də, layihə qrupunun çevik fəaliyyəti nəticəsində nəzərdə tutulan nəticələrin əldə edilməsi təmin edilib. Prinsip etibarilə, layihə tədbirləri KOBİA-nın strateji fəaliyyət istiqamətlərinin əsas elementlərini əhatə edib. Layihələrin məzmunu də kifayət qədər zəngin olmuşdur. Burada təlimlər, təcrübə mübadiləsi, tövsiyələr, yeni resursların hazırlanması və s. kimi müxtəlif komponentlər əhatə olunub. Bu barədə daha ətraflı məlumat irəlidəki çıxışlarda təqdim olunacaqdır. Şübhəsiz ki, layihələr KOBİA-nın və digər benefisiar qurumların fəaliyyətinə öz müsbət təsirini göstərəcək. 

Xüsusən nəzərə almaq lazımdır ki, hazırda ölkəmiz 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə qədəm qoyur. Müxtəlif dövlət qurumlarının və maraqlı tərəflərin iştirakı ilə hazırlanmaqda olan ortamüddətli sosial-iqtisadi inkişafı strategiyası post-münaqişə və post-pandemiya dövründə genişmiqyaslı bərpa-quruculuq işlərini, dayanıqlı artım mənbələrinin şaxələndirilməsi və innovativ həll yollarının geniş tətbiqi elementlərini əhatə edir. Şübhəsiz ki, layihənin nəticələri və artırılmış potensial qarşıda duran hədəflərin icrasının dəstəklənməsinə də xidmət edəcək. Ümidvaram ki, Avropa İttifaqı ilə formalaşmış müsbət və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təcrübəsi bundan sonra da davam edəcəkdir. Qarşıdakı dövrlərdə birlikdə yeni təşəbbüs və layihələr həyata keçiriləcək”.