Avropa ölkələri, Avropa İttifaqı və NATO rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə reaksiya verib və onun ölümünün araşdırılmasını istəyib.

İqtisadiyyat.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel "X" hesabında verdiyi açıqlamada Navalnının "azadlıq və demokratiya dəyərləri uğrunda mübarizə apardığını və idealları uğrunda böyük fədakarlıq göstərdiyini" bildirib.

Mişel vurğulayıb ki, Aİ Navalnının ölümünə görə yalnız Rusiya rejimini məsul bilir.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Rusiya prezidenti Vladimir Putin öz xalqının müxalifətindən başqa heç nədən qorxmur. Navalnının ölümü Putin və onun rejiminin nə qədər qəddar olduğunu xatırladır".

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borell vurğulayıb: "Daha çox məlumat gözləyirik. Gəlin, bunun yeganə məsuliyyətinin Putinin olduğunu açıqlayaq".

Hollandiya, İspaniya, İngiltərə, Fransa, Almaniya, İtaliya, Sloveniya, Avstriya, İrlandiya kimi dövlətlər də müxtəlis səviyyələrdə müxalifət liderinin ölümündən Rusiya hakimiyyətini məsul bilib. 

NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransı zamanı aldığı xəbərdən çox kədərləndiyini bölüşüb və NATO müttəfiqlərinin illərdir Navalnının azad olunmasını tələb etdiyini xatırladıb.

Stoltenberq deyib: "Hazırda təfərrüatlı məlumatımız yoxdur. Bütün faktlar üzə çıxmalıdır və Rusiyanın cavab verməli çox vacib suallar var".