“Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox məsələlərə, regional və beynəlxalq problemlərə toxundu. O cümlədən, Azərbaycanın sosial iqtisadi-inkişafı, xarici siyasəti, Ermənistanın sülhü pozmaq cəhdləri, Ermənistana dəstək verən dairələr, Fransa kimi ölkələrin fitnəkarlığı və digər bir çox məsələlər haqqında danışdı. Prezidentin toxunduğu vacib məsələlərdən bir də ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı oldu”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu gün ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsi məntiqə uyğun deyil: “Azərbaycanın Minsk qrupunun ləğv edilməsi ilə bağlı təklifi tamamilə məntiqli, beynəlxalq hüququn prinsiplərinə uyğun olan bir təklifdir. ATƏT-in Minsk qrupu o zaman münaqişənin həlli üçün yaradılmışdı. Azərbaycan 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatları çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirilib və eyni eyni zamanda Minsk qrupunun yaradılması ilə bağlı zəruri olan məsələ aradan qaldırılıb”.

Deputat vurğulayıb ki, buna görə də hazırki şəraitdə Minsk qrupunun formal da olsa, qalması məntiqli deyil. O bildirib ki, Azərbaycan qurumun fəaliyyətini tamamilə dayandırmasını təklif edir.

Deputat söyləyib ki, onsuz da Minsk qrupunun heç bir fəaliyyəti yox idi: “Minsk qrupunun uzunmüddətli fəaliyyətinin bir məqsədi olub: münaqişəni həll etmək deyil, münaqişənin həllini uzatmaq. Münaqişəni uzatmaqla bir növ onu unutdurmağa cəhdlər göstərilib. Əminəm ki, Minsk qrupu fəaliyyətini dayandıracaq, çünki mövcudluğu zəruri olmayan bir qrupdur”.