11.08.2020-ci il tarixdə “AtaSığorta” ASC-nin 2020-2022-ci illər üzrə Strateji Planı və yeni təşkilati strukturunun təsdiqlənməsi ilə bağlı səhmdarlarının ümumi yığıncağı keçirilib. Direktorlar Şurasının və İdarə Heyətinin tərkibi tam olaraq formalaşdırılıb.

Yeni struktura əsasən, Direktorlar Şurasının müstəqil üzvü Ağakərim Məlik-Aslanov Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ağakərim Məlik-Aslanov maliyyə sektorunda uzun müddətdir fəaliyyət göstərir.

Eyni zamanda 2009-cu ildən şirkətdə çalışmış, 2014-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsini icra etmiş Zəfər Muxtarov Direktorlar Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilib.

Qeyd edək ki, hal-hazırda şirkətin İdarə Heyətinin sədri vəzifəsini sığorta bazarında kifayət qədər tanınmış, təcrübəli Orxan Məmmədov icra edir.

Həmçinin, “AtaSığorta” ASC-də bir neçə yeni departament və şöbələr yaradılıb ki, onlardan biri də Biznesin İnkişafı Departamentidir. Bu vəzifəyə isə şirkətin Anderraytinq və Təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova təyin edilib. Yeni yaradılmış Biznesin İnkişafı Departamentinin rəhbəri Nigar İbrahimova 2005-ci ildən "AtaSığorta" ASC-də müxtəlif vəzifələrdə işləyib, 2014-cü ildən isə Anderraytinq və Təkrarsığorta departamentinin direktoru vəzifəsini icra edib. Azərbaycan Sığortaçılar Assosiasiyasının Qeyri-həyat komitəsinin üzvüdür.

Xatırladaq ki, “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Məlumat üçün bildirək ki, şirkət yaxın zamanda yeni sığorta məhsullarını müştərilərinə təqdim edəcək. Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.