“Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü adi görüşlərdən biri deyil və bunun düşünülmüş məqsədi var”.

Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, türk dövlətlərinin birliyi gələcək inkişaf üçün, ilk növbədə, türkdilli dövlətlərin milli təhlükəsizliyinin təmin olunması baxımından çox vacibdir:

"Bu təşkilat ortaq talelərə və məqsədlərə xidmət edən, gələcək vəzifələri müəyyənləşdirən və reallaşdıran bir platformadır. Zirvə görüşlərində daha çox iqtisadi məsələlərə önəm verilir və bu, təbiidir. Çünki iqtisadi əlaqələr möhkəmləndirilmədən ölkənin milli maraqları təmin oluna bilməz. Sözsüz ki, Zirvə görüşündə bu günün reallıqlarından doğan məsələlər, dünyada baş verən hadisələr və dövlətlərin bu hadisələrə yanaşması da müzakirə mövzularındandır”.

Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışında söylədikləri məsələlərə toxunan Tahir Rzayev vurğulayıb ki, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrə aydın münasibət bildirilib:

"Cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsinin tərəfdarıdır və Azərbaycan bu formalaşmada yaxından iştirak edir. Cənab Prezident həmçinin vurğuladı ki, bu günədək Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Ölkə başçısı öz çıxışında daha çox Azərbaycanın milli maraqlarının təmin olunması, xüsusilə də Qələbə və bugünkü reallıqlardan danışdı. Prezident bir daha dedi ki, Azərbaycanın 23 saatlıq antiterror tədbirləri uğurlu keçib və təcavüzkara qarşı lazımi tədbirlər görüldü. Qalib olmağımıza baxmayaraq, Azərbaycan qonşuluğun və əməkdaşlığın tərəfdarıdır. Sözsüz ki, türk dövlətlərinin hər biri dünyada sülhün və əmin-amanlığın tərəfdarıdır".

"Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə formalaşan və nüfuz qazanan bir təşkilatdır. Təşkilatın bu cür görüşlərinin səmərəli keçməsi və çox mühüm məsələlərin həllinə münasibət bildirilməsi bu nüfuzu getdikcə artırır. Türk dövlətləri həmrəy olmasa və bir məqsəd uğruna çalışmasa, milli təhlükəsizliyi və iqtisadi yüksəlişi təmin edə bilməyəcək", - deputat əlavə edib.

Qeyd edək ki, Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak və çıxış edib. Tədbirdə ölkə başçımızla yanaşı, digər dövlət və hökumət başçıları da çıxış ediblər. Daha sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalanıb.


Gülşən Şərif