Binəqədi rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, rayonun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq.

Son illər əhalinin sıx məskunlaşdığı hər iki küçənin bir hissəsinin relyef baxımından çökəklikdə yerləşməsi, ərazidəki mövcud kanalizasiya xətlərinin fərdi qaydada əhali tərəfindən çəkilməsi, eləcə də bəzi yerlərdə tullantı sularının üstüaçıq arxlar vasitəsi ilə axıdılması ərazidə ciddi problemlər yaradır.

Layihəyə əsasən hər iki küçədə 600 mm diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunur. Ardınca ərazidəki evlərin kanalizasiya xətləri kollektora birləşdiriləcək.