"Arıqlama dərmanları ürək damarlarına zərər vurur, eyni zamanda ürək və qaraciyərə mənfi təsir edir". 

Bunu İqtisadiyyat.az-a dietoloq Əfsanə Əliyeva deyib.

Onun sözlərinə görə, bununla yanaşı, şəxsdə yuxu pozğunluğu, baş ağrısı və saç tökülməsi kimi neqativ hallar yaşanır: "Ona görə də arıqlama dərmanlarının istifadəsi məsləhət görülmür. Əgər şəxs arıqlamaq istəyirsə, qan və sağlamlıq dəyərlərinə, yaşam tərzinə, yemək alışqanlığına uyğun hazırlanmış qida proqramından istifadə edə bilər. İdman deyil, sadəcə hərəkəti artırmaqla isə hədəfə çatmaq daha asandır".

Ə.Əliyevanın sözlərinə görə, arıqlamaq istəyən şəxslər mütləq şəkildə un, duz, şəkər və yağlı qidalardan uzaq durmalıdır: "Arıqlama metodunda sağlam qidalanma, az olmaq şərtiylə sıx şəkildə qidalanmaq, gündə 3 dəfə yemək yeyilməlidir. Digər saatlarda isə yüngül qidalanmaq olar ki, gün ərzində aclıq hissi olunmasın. Eyni zamanda, gündə 4-5 porsiya meyvə yeyilməli, 2 dəfə yaşıl çay içilməlidir".

Gülşən Şərif