2020-ci ildən başlayaraq Apple şirkəti iPhone smartfonlarının qutularına artıq EarPods qulaqlıqlarını yerləşdirmir. Bu cür qərardan bir müddət sonra isə şirkət smartfonların qutularını həmçinin şarj adapterlərindən də məhrum etdi. Hal hazırda bu və ya digər iPhone modelinin qutusunda smartfonun özündən əlavə olaraq sadəcə şarj naqili mövcuddur. Apple şirkəti bu cür addımı ətraf mühitin qorunması səbəbilə atdığını bildirmişdi. Lakin digərləri bunun səbəbini başqa faktorda görürlər. Belə ki, qulaqlıqların və şarj adapterlərinin qutulardan yığışdırılması iPhone modellərinin yekun qiymətlərinə təsir etmədi. Bu isə o deməkdir ki, şirkət bu cür qərarın nəticəsi olaraq əlavə gəlir əldə edir.

    2 il bundan öncə Apple bildirmişdi ki, iPhone qutularını qulaqlıqlardan və şarj adapterlərindən məhrum etməklə o, il ərzində olan karbon tullantılarını 2 ton aşağı salacaq. Ekoloqlar bu cür addımı müsbət qarşılamışdılar. Lakin sözügedən qərara qarşı çıxmış insanlar da var idi. Həmin şəxslərin hesablamalarına əsasən qutuları qulaqlıqlardan və şarj adapterlərindən məhrum etməklə Apple ümumilikdə 6.5 milyard dollar əlavə gəlir əldə edib. Güman olunur ki, Apple həmçinin iPhone modellərinin yekun qiymətlərini də aşağı sala bilərdi. Belə ki, smartfonların qutuları artıq daha kompakt ölçülərə sahibdir və nəticədə onların daşınmalarına sərf edilən xərclər də aşağı düşür.Məlumata əsasən qutulardan qulaqlıqlar ilə şarj adapterlərinin çıxarılmasından sonra Apple bütün dünya üzrə 190 milyon ədəd smartfon sata bilib. Qutulardan çıxarılmış əlavə aksesuarlar isə hər satılmış iPhone modeli üzərindən 34$ qənaətin edilməsi imkanını verib. Bundan əlavə olaraq qulaqlıqların və şarj adapterlərinin ayrıca satışlarından şirkət ümumilikdə 293 milyon dollar gəlir əldə edib. Təbii ki, bu hesablamalarda komponentlərin qiymətlərində son illər ərzində müşahidə edilən artımlar nəzərə alınmayıb. Lakin buna baxmayaraq şirkət iPhone modellərinin yekun qiymətlərini aşağı salmadan öz xərclərini azalda bilib.

© Technote