“Sağlamlıqla bağlı mövzunu qara yumora çevirmək məqbul deyil və hesab edirəm ki, insanın lazımi tərbiyə almadığını göstərir”.

Bu sözləri açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli tanınmış aparıcı Azər Zahidin İkinci Qarabağ müharibəsində hər iki gözünü itirən qazi Amil Əliyevə hörmətsizlik etməsinə münasibət bildirərkən deyib. 

Q.Məhərrəmli tanınmış simaları bu cür hərəkətlərdən çəkinməyə səsləyib:

“İstər televiziya ekranlarında, istər sosial şəbəkələrdə, istərsə də hansısa xeyriyyə tədbirində, insanların gözü önündə kiməsə pul vermək qəbul olunan tərz deyil. Sağ əlin verdiyini sol əl bilməməlidir. Güman edirəm ki, o aparıcı nəciblik etmək istəyib. Qazi adı məna yükü böyük olan bir addır. Onlarla hər hansı bir davranışda həddindən artıq məsuliyyətli olmaq lazımdır. O ki qaldı görmə əngəli olan qaziyə deyəsən ki, sən onsuz da saya bilmirsən, bu, zarafat mövzusu deyil. Sağlamlıqla bağlı mövzunu qara yumora çevirmək məqbul deyil və hesab edirəm ki, insanın lazımi tərbiyə almadığını göstərir. Ona görə təklif edirəm ki, ekran qarşısında olan populyar şəxslər, gənclər bu cür hərəkətlərdən çəkinsinlər”.

Tanınmış aparıcı Turan İbrahimov isə sosial şəbəkədə sərt şəkildə tənqid edənlərdən fərqli olaraq hadisənin bizim bilmədiyimiz tərəfləri ola biləcəyini də vurğulayıb:

“Mən o videonu izləmişəm, çox qısa bir videodur. Məsələnin məhz o hissəsinin kəsib qoyulması ümumi kontekstdən çıxarılmasının sübutudur. Əgər bir məsələ olubsa, onun əvvəlində və sonunda nə danışılıb, ab-hava necə olub, bundan xəbərimiz yoxdur. Məsələnin sırf bir hissəsinin əvvəli və sonu olmadan paylaşılması məndə elə təəssürat yaradır ki, kimlərsə bunu qəsdən ediblər. Azər də, yəqin ki, o sözü təqdim olunan kimi deməz, düşünürəm ki, orada zarafat üçün mühit olub. İstənilən mövzu ilə bağlı bir sözü, cümləni kontekstdən çıxaranda ədəbsiz və tərbiyəsiz görünə bilər. Bir videonu hamısını görmədən, qulaq asmadan bir ifadəsindən yapışmaq özü də anormaldır. Hər halda Azər səhv bir şey etsə idi, elə onun başındakılar onun gözünü çıxarardılar”. 

Qeyd edək ki, tanınmış aparıcı Azər Zahid qazilərlə görüşüb onlara müəyyən məbləğdə pul ianə edib, lakin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pulu verərkən ona “sən onsuz da saya bilməyəcəksən” deyib. Onun bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib. 

Xatırladaq ki, Amil Əliyev İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və üç gün komada qalıb. oxu.az