İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinə mane olma, Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş QSC ilə bağlı müraciətə baxılıb.

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, Mərkəzi Bankın fəaliyyətinə mane olmaya görə vəzifəli şəxslər 500  manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Electro Service” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Tural Babayevdir. “Electro Service” QSC yarandığı gündən qısa müddət sonra “Azərenerji”, “Azərişıq” “Bakı Metropoliteni”nin milyonlarla dəyərində tenderlərinin qalibi olub.