"Azərbaycan Almaniyanın regionda əhəmiyyətli iqtisadi tərəfdaşıdır. Alman şirkətləri və investorları üçün bir çox sahələrdə, əsasən də Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında böyük imkanlar görürəm".

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.

O, bu barədə "AHK Azərbaycan"ın üzvlərinin ümumi yığıncağında danışıb. Səfir AHK üzvlərini salamlayıb, yeniliklərlə bağlı çıxış edib, Azərbaycanıla Almaniyanın iqtisadi əlaqələrinin əhəmiyyətini vurğulayıb:

Yığıncaqda 90-a yaxın biznes nümayəndəsi iştirak edib, qurumun İdarə Heyətinə (İH) yeni üzvlər seçilib.

Tədbiri giriş nitqi ilə İH-nin sədri Fərid İsayev açıb. Daha sonra AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabat təqdim edib: “Son yarım ildə, yəni ötən ilin sonuncu üzvlər yığıncağından etibarən "AHK Azərbaycan"a 12 yeni şirkət üzv olub. Hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 175 şirkət Palatanın üzvüdür. Bu, sevindirici haldır ki, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri özünə cəlb etməyi bacarır”.