Almaniya Müdafiə Nazirliyi əhəmiyyətli dərəcədə gücləndirilmiş Bundesver ehtiyatının (Almaniya Silahlı Qüvvələri) yaradılması planlarını hazırlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bundesver baş müfəttişinin müavini general-leytenant Alexander Hoppe DPA-ya bildirib.

O qeyd edib ki, ehtiyatda olanlar Soyuq Müharibə dövründə olduğu kimi, döyüşlərdə aktiv qoşunları gücləndirə və ya əvəz edə bilsinlər deyə təlim keçməli və təchiz olunmalıdırlar.

"Mən əminəm ki, biz ehtiyatı mövcud təhlükəsizlik siyasəti çağırışlarına uyğunlaşdırmalıyıq ki, o, milli və ittifaqın müdafiə missiyalarını yerinə yetirməkdə Bundesverə lazımi dəstək verə bilsin", - Hoppe deyib.

DPA yazır ki, 2011-ci ildə məcburi hərbi xidmət ləğv edildikdən sonra canlı qüvvə sayı azalır: "Müxtəlif rəqəmlər var. Güman edirik ki, hələ də çağırıla bilən təxminən 800 min insan var. Prinsipcə, bu, bir vaxtlar Bundesverdə xidmət etmiş, təqaüdə çıxmış və yaş həddinə çatmış hər kəs, o cümlədən son çağırışçıların".

"Ancaq yaş probleminə baxsanız, anlayacaqsınız ki, ildən-ilə onların sayı azalır, bu o deməkdir ki, biz buna qarşı durmalı, həmçinin ehtiyata əlavə kadrlar tapıb cəlb etməliyik", - deyə general-leytenant yekunlaşdırıb.