Almaniyanın Intel-in çip investisiyası üçün 10 milyard avroya qədər stimul verəcəyi bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, Dünyanın ən böyük çip istehsalçılarından biri, ABŞ-da yerləşən Intel Corp. şirkəti Almaniyada böyük çip fabriki, eləcə də İrlandiya və Fransadakı obyektləri tikməyi planlaşdırır.

Bloomberg-in verdiyi məlumata görə, Almaniya və Intel Şərqi Almaniyanın Maqdeburq şəhərində qurulacaq çip istehsalı müəssisəsi üçün 10 milyard avro (10,9 milyard dollar) subsidiya haqqında saziş imzalayıblar.

Intel əvvəlcə 6,8 milyard avroluq dövlət yardımı ilə Maqdeburq şəhərində zavod tikməyə razılaşsa da, iqtisadi böhran səbəbindən zavodun tikintisinə başlamağı gecikdirib.

Sözügedən mənbələrə görə, hazırda razılaşdırılmış genişləndirilmiş paket həm maliyyə subsidiyaları şəklində ənənəvi yardımları, həm də enerji qiymətlərinin yuxarı hədlərini əhatə edəcək.

Intel ilkin olaraq Maqdeburq layihəsinin 17 milyard avroya başa gələcəyini hesablasa da, yeni hesablamalara görə, layihənin 30 milyard avroya başa gələcəyi gözlənilir.

Digər tərəfdən, layihəni təfərrüatlandıran mənbələr, Intel-in xərclərinin təxminən 40 faizinin Avropa Birliyinin Çip Qanunu vasitəsilə subsidiyalaşdırılacağını bildirib.