Akademik Muxtar İmanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru vəzifəsindən azad olunub.

Bu barədə İqtisadiyyat.az-a akademik özü məlumat verib.

O bildirib ki, indiyədək direktor vəzifəsi ilə paralel olaraq Azərbaycan Dillər Universitetində (ADU) kafedra müdiri və müəllim işləyib. Amma səhhətində yaranan problemlərlə əlaqədar olaraq hər üç işin öhdəsindən eyni anda gəlməklə bağlı müəyyən çətinliklərlə üzləşib.

Buna görə də direktor vəzifəsindən öz istəyi ilə çıxdığını söyləyib. Akademik deyib ki, əvvəllər ADU-da kafedra müdiri vəzifəsini ictimai əsaslarla icra edib. Amma instituta rəhbərlikdən çıxdıqdan sonra universitetin kafedrasında tamştat müdir vəzifəsini icra etməyə başlayıb. Eyni zamanda bu ali təhsil müəssisəsində müəllim kimi də fəaliyyətini davam etdirdiyini vurğulayıb.

O, vəzifəsindən çıxması ilə bağlı AMEA prezidenti İsa Həbibbəyli ilə müzakirələr aparan zaman Folklor İnstitutunun direktoru vəzifəsinə namizəd də təqdim edib. Akademik həmin namizədin adını açıqlamasa da, direktor vəzifəsinə təyin olunacağını ehtimal edir.

Hazırda isə Folklor İnstitutunun direktoru vəzifəsinin icrası xanım müavin Afaq Ramazanovaya həvalə olunub.

Xatırladaq ki, 69 yaşlı M.İmanov 2013-cü ildən Folklor İnstitutunun direktoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, M.İmanovun vəzifədən istefa verməsi ilə bağlı ilk məlumatı yenisabah.az saytı yayıb.