Avropa İttifaqı (Aİ) Çin sosial media platforması "TikTok"un uşaqların məlumatlarının toxunulmazlığını pozduğuna görə əhəmiyyətli məbləğdə cərimələyib.
İqtisadiyyat.az xəbər verir ki, Aİ Məlumatların Mühafizəsi Şurası bu qərarı platformanın 13-17 yaşlı istifadəçilərin məlumatlarının mühafizəsi ilə bağlı qəbul edib.
Şura "TikTok"un cəzalandırılmasına icazə verərək, İrlandiya Məlumatların Mühafizəsi Təşkilatının məcburi qərarını təsdiqləyib.
Milyonlarla dollara çatması gözlənilən cəza 4 həftə ərzində açıqlanacaq.
Aİ Komissiyası aprel ayında Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğun olaraq Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalar və axtarış sistemləri üçün sərt qaydalar tətbiq edəcəyini açıqlamışdı. Bu təsnifata Alibaba, Amazon, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, Twitter, Wikipedia, YouTube və Zalando kimi nəhənglərin daxil olduğu açıqlanıb.
Müəyyən edilmiş platformalar dezinformasiyanın məhdudlaşdırılması, qeyri-qanuni məzmunun sürətlə silinməsi, yetkinlik yaşına çatmayanların onlayn qorunması, risk qiymətləndirmələrinin aparılması, risklərin azaldılması üçün addımların atılması və kənar auditə məruz qalma kimi standartlara cavab verməlidir.