Avropa İttifaqının (Aİ) Daxili İşlər Komissiyasının üzvü Ylva Johansson, son illərdə ABŞ, Almaniya və Braziliyada demokratik təsisatlara qarşı hücumların edildiyini və bu hücumların “siyasi zorakılıq” olduğunu söyləyib. 


İqtisadiyyat.az xəbər verir ki, Ylva Johansson, Avropa Parlamentinin Baş Assambleyasında keçirilən “həddindən artıq sağçı şəbəkələrin yaratdığı terror təhlükəsi” mövzusunda sessiyada etdiyi çıxışında son zamanlar Vaşinqton, Berlin və Braziliyada demokratik təsisatların hücuma məruz qaldığını xatırladıb.

“Bu gün biz yeni təhlükədən, internetdə baş verən siyasi zorakılıqdan danışırıq” deyən Yohansson bu təhlükənin populist liderlərdən ilhamlandığını və ifrat sağçı ideologiya ilə hərəkət etdiyini qeyd edib.

"Onlar Vaşinqtonda, Berlində, Braziliyada uğursuzluğa düçar oldular, lakin onlar izləyir və öyrənirlər. Yenidən cəhd edə bilərlər", - Yohansson bildirib.

Bu qrupların uğursuzluğa düçar edilməli olduğunu vurğulayan Yohansson qeyd edib ki, belə bir təhlükə ilə mübarizə üçün müvafiq qanunlar və əməkdaşlıq qurulmalıdır.

ABŞ-da keçirilən son prezident seçkilərindən sonra keçmiş prezident Donald Trampın tərəfdarları 2021-ci il yanvarın 6-da Konqresə basqın ediblər.

Almaniyada dekabrın 7-də polis Almaniya Federativ Respublikasını və onun demokratik təsisatlarını tanımayan “İmperator vətəndaşları” qrupunun üzvlərinə qarşı əməliyyat keçirib. Keçmiş əsgər, polis və hakimlərin də olduğu 25 nəfər terror təşkilatına üzv olmaq və silahlı çevriliş planlaşdırmaq ittihamı ilə saxlanılıb.