Azərbaycanda “Aİ-95” markalı avtomobil benzininə tələbat artıb. Yanacaqdoldurma məntəqələrində bu benzinin satış həcminin artdığı müşahidə olunur. Buna səbəb isə “Aİ-95” markalı avtomobil benzininin 40 qəpik ucuzlaşaraq 1,60 manata satılmasıdır. Müşahidələr onu deməyə əsas verir ki, bu premium benzinin “Aİ-92” benzini ilə arasındakı qiymət fərqinin azaldılması ona olan tələbatı artırıb. Belə ki, indiyədək əksər sürücülər mühərrikləri premium markalı yanacaq tələb edən avtomobillərini “Aİ-92” benzini ilə (ucuz olduğuna görə) idarə ediblər. Bu isə həm nəqliyyat vasitələrinin mühərriklərinin tez sıradan çıxmasına, həm də ekologiyanın çirklənməsinə gətirib çıxarıb. Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin ucuzlaşması ilə bu problem aradan qaldırılmış olur.

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında “Aİ-95”in ucuzlaşmasının təsirləri ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, digər yanacaq növlərinin qiymətinin yuxarı istiqamətə dəyişdirilməsi vətəndaşlara aralarında 50 qəpik fərq olan “Aİ-92” markalı benzinin əvəzinə “premium”a keçməyə imkan verəcək:

“Bu da mümkündür. Çünki əvvəl “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, “Aİ-95”in isə 2 manat idi. İndi isə birincisi 1,1 manat, digəri isə 1,6 manatdır. Yəni aradakı fərq vətəndaşların “premium” markalı benzinə üstünlük vermə ehtimalını artırır. Bundan əlavə, “Aİ-92” markalı benzinin tullantısı daha çoxdur. Bu da keçidi stimullaşdıran amil kimi dəyərləndirilə bilər”.

Ekspert bununla yanaşı söyləyib ki, “Aİ-95”in qiymətinin dəyişdirilməsinin Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq. Onun sözlərinə görə, buna səbəb “premium” markalı benzinin yalnız Azərbaycan əhalisinin 10-15% faizinin şəxsi avtomobilinin istifadəsində nəzərdə tutulmasıdır. İqtisadçı bildirib ki, “Aİ-95” markalı premium benzinin qiymətinin aşağı salınması həmin 10-15% vətəndaşın xərclərinin bir qədər azaldılması baxımından yaxşı bir addımdır. Yəni Aİ-95 markalı benzin ümumi benzin istehlakında həmin 10-15% vətəndaşın xərcini aşağı salacaq”.

 

Sadiq Cavadov