"ABŞ və Britaniyanın Husi üsyançılarının mövqelərinə endirdiyi zərbələr şənbə gecəsi Suriya və İraqın atəşə tutulması ilə bağlı deyil. Vaşinqton Yaxın Şərqdə gərginliyin daha da artmasını istəmir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NBC telekanalına Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Birləşmiş Ştatlar eskalasiyanı istəmir; bu zərbələr İranın dəstəklədiyi Husilərə cavab olaraq həyata keçirilib. Zərbələr İraq və Suriyada ordumuza və obyektlərimizə qarşı davam edən hücumlara cavab olaraq həyata keçirilmir", - deyə məmur bildirib.

Ağ Evdəki telekanal mənbəsinin sözlərinə görə, ABŞ Suriya və İraqdakı hədəflərə yeni zərbələr endirə bilər. Telekanal qeyd edir ki, indi hərbçilər vəziyyəti qiymətləndirir və hədəflərin bəzilərinin tam məhv edilmədiyini aşkar etsələr, onlara yenidən zərbə endirəcəklər.