Kahramanmaraşda birinci zəlzələ 65 saniyə, ikinci zəlzələ 45 saniyə davam edib. 7,7 bal gücündə birinci zəlzələnin meydana çıxardığı enerji 500 atom bombasının yaratdığı təsirə bərabər olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu AFAD-ın nümayəndəsi Orxan Tatar bildirib. Onun sözlərinə görə, bölgədə lava axıntısı, vulkanik kül, neft və ya qaz sızması kimi hallar müşahidə edilməyib. Zəlzələdən sonra 1891 afterşok qeydə alınıb.

Son məlumata görə, əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində 10 vilayətdə ümumilikdə 20 min 665 nəfər həyatını itirib, 80 mindən çox insan xilas edilib, həmçinin 82 min 697 nəfər bölgədən təxliyə olunub. Hazırda təbii fəlakət bölgəsində 31 min 832 yerli və 8 min 294 xarici xilasedici, ümumilikdə 166 mindən çox personal fəaliyyət göstərir. Zəlzələdən zərər çəkənlər üçün 102 min 274 çadır qurulub.