Dəmir yolu ilə yükdaşımalar üçün strateji əhəmiyyətə malik Bakı yük stansiyasının Əhmədli hissəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. 

Bildirilib ki, 1883-cü ildə ilk neft qatarının yola salındığı bu stansiyada hazırda ölkə üzrə daşınan neft və neft məhsullarının 40%-i qəbul edilərək təyinat məntəqələrinə yönləndirilir. 

Stansiyada aparılmış təmir-bərpa işləri çərçivəsində infrastrukturun yenilənməsi ilə yanaşı, yüklərin kağız əsaslı sənədləşmə olmadan rəqəmsal qaydada göndərilməsi sınaqdan keçirilib.

Stansiyanın 70 il bundan öncə tikilmiş inzibati binasında 9 ədəd köhnə istehsalat otağı yenidən qurulub və yeni müasir istehsalat otaqları tikilib. Həmçinin istismara yararsız texniki xidmət məntəqələri tam təchiz edilmiş 4 ədəd modul tipli konteynerlə əvəzlənib. Stansiyaya gedən avtomobil yolu və stansiyanın 400 kv.metr ərazisinə asfalt örtük çəkilib və iki mərtəbəli post binası təmir olunub.

Bundan başqa, işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni mətbəx və sanitar qovşaqlar, soyunub-geyinmə otağı, namaz otağı və digər lazımi infrastruktur məntəqələri yaradılıb. Stansiyanın işçi heyəti yeni uniforma və fərdi mühafizə vasitələri ilə təchiz edilib. 

“Yaşıl dünya naminə həmrəylik” ilinin çağırışına uyğun olaraq stansiya ərazisində yaşıllaşdırma işləri görülüb və onlarla ağac əkilib.

Qeyd edək ki, yüklərin qəbulu və göndərilməsi üçün stansiya ərazisində mövcud 9 yolun yenilənməsi, yeni yolların salınması və ümumi infrastrukturun daha da təkmilləşdirilməsi planlaşdırılır.